Müəllif haqqında
Əli Seyid Müseyib oğlu Hüseynov Mirzadə 1929-cu ilin avqust ayında Laçın rayonunun Alıqulu kəndində anadan olmuşdur.
Hələ doqquz yaşında olanda, atası – Mirzadə Seyid Müseyib Seyid Hüseyn oğlu siyasi fəaliyyətinə görə həbs olunaraq səkkiz il müddətinə sürgünə göndərilmiş və ondan bir daha xəbər alınmamışdır.
Əli Hüseynovun uşaqlığı çox çətin keçsə də, o təhsil almaq üçün əlindən gələni etmişdir.
Birinci sinifi Ağcabədi rayonunun üçüncü Parax qəsəbəsində, 2-7-ci sinifləri Laçın rayonunun Pircahan kənd məktəbində, 7-10-cu sinifləri isə Laçın şəhər məktəbində oxuyub bitirən Əli Hüseynov 1949-cu ildə Azərbaycan Neft Kimya İnstitutunun (AZİ) Neft-Mexanika fakültəsinə qəbul olunmuşdur. İnstitutun birinci kursunu bitirsə də, təhsilinə davam edə bilməmiş və institutu tərk etməyə məcbur olmuşdur.
1950-ci ildə hərbçi olmaq həvəsi ilə Gürcüstanın paytaxtı Tbilisi şəhərindəki Tbilisi Hərbi Artilleriya məktəbinə daxil olmuşdur.
Burada iki il hərbi təhsil alan Əli Hüseynov, atasının siyasi fəaliyyətə görə həbs olunduğu bəhanə gətirilərək təhsilini yarım buraxmağa məcbur edilmişdir.
1953-cü ildə Bakıya qayıdan Əli Hüseynov məcburi hərbi xidmətə çağrılmış və Bakı şəhərində yerləşən Azərbaycan divizyasında (AzDiviziya) hərbi xidmətə başlamışdır. Burada serjant rütbəsi ilə üç il hərbi xidmət keçmiş və 1956-cı ildə ordudan tərxis olunmuşdur.
1956-cı ildə doğma yurduna qayıdan Əli Hüseynov 1969-cu ilə qədər öz kolxozlarında briqadir, təftiş komissiyasının sədri vəzifələrində çalışmışdır.
Çalışdığı illərdə fərdi məsuliyyəti və ədalətli qərarları ilə qədirbilən xalqının hörmətini qazanmışdır.
1 oktyabr 1969-cu il tarixində Əli Hüseynov Laçın rayon Rabitə Qovşağının Pircahan kənd Rabitə Şöbəsinə (poçt) rəis təyin olunur. Rabitə şöbəsinin rəisi işlədiyi iyirmi üç il ərzində rayonun və Azərbaycanın ən qabaqcıl rabitə şöbə rəislərindən biri olmuş, yüksək xidməti Azərbaycan və SSRİ rabitə nazirlikləri tərəfindən hər il keçici bayraq və müxtəlif orden, medallarla təltif olunmuşdur.
Hərbi nizam-intizamı və qanunları yaxşı bilən Əli Hüseynov Pircahan kənd rabitə şöbəsinin rəisi işlədiyi illərdə, üç il ərzində Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti (OADKYC) -nin tərkibində hərbi hazırlıq müəllimi vəzifəsində işləmiş və bu illərdə Pircahan və Təzəkənd kəndlərində hərbi xidmətdən möhlət almış gənclərə hərbi hazırlıq dərsi keçmişdir.
Əli Hüseynovun əməyi təkcə rəhbərlik tərəfindən yox, Alıqulu və yaxın kəndlərin əhalisi tərəfindən də həmişə yüksək qiymətləndirilmişdir. Ədalətli və prinsipial xarakteri, Əli Hüseynovu sevilən və sayılan bir el ağsaqqalına çevirmişdir.
Əli Hüseynov doğma yurdunun düşmən tərəfindən işğal olunduğu 17 may 1992-ci il tarixinə qədər Pircahan kənd Rabitə Şöbəsinin (poçt) rəisi vəzifəsində işləmişdir.
Əli Seyid Müseyib oğlu Hüseynov Mirzadə 4 noyabr 2019-cu il tarixində, doğma yurdunun həsrəti ilə, Sumqayıt şəhərində vəfat etmişdir.
Bu kitabda, Əli Hüseynovun 1992-ci ildən bəri yurd həsrəti ilə qələmə aldığı şeirlərinin bir hissəsi toplanmışdır. O, şeirlərini Seyid təxəllüsü ilə qələmə almışdır.
Şeirlər
Dağlarda
Dostlar, ürəyimdə arzularım var,
Cəsur qartal olub uçam dağlara,
Qıy vuram, hay salam dərələrində,
Zirvədən zirvəyə keçəm dağlarda.
Daşlardan süzülən sərin bulağı,
Qoyunlu, quzulu, güllü yaylağı,
Xəstənin dərmanı çiçəklərini,
Birbəbir arayıb, seçəm dağlarda.
Çıxam dağ döşünə, kəkotu dərəm,
Əvəlik xörüyün ip üstə sərəm,
Dəstə cincilimi, qırxbuğumunu,
Dəstə-dəstə tutub, biçəm dağlarda.
Alması, armudu cürbəcür barı,
Qaymaqçiçəyində balın nübarı,
Yağı torpağında, düşmən əlində,
Qalmasın pətəyim, beçəm dağlarda.
Yaşıl meşələrlə, gen dərələrlə,
Burula-burula çeşmədən gələn,
“Xəzəltökülənin” billur suyundan,
Əyilib doyunca içəm dağlarda.
Torpağım ağlayır, daşım ağlayır,
Gözümdən süzülən yaşım ağlayır,
Əziz simsarların nurlu məzarı,
Bilirsiz qalıbdır neçəm dağlarda?
Seyid intizarda, ürək dardadır,
Xəyalım dağlarda, o diyardadır,
Axirət evinə, haqq dünyasına,